Dünya
Avropanın ən yaşlı şiri ölüb
Avropada öz növünün ən yaşlı nümayəndəsi hesab edilən "Cibo" adlı şir 27 yaşında ölüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "BFMTV" nəşrinə Fransanın Sen-Marten-la-Plen kommunasından "Tonqa Terre deakkey" assosiasiyası məlumat verib. Heyvan güclü yorğunluq vəziyyətinə çatdığı sirkdən xilas edildikdən sonra həmin assosiasiyaya gətirilib. Assosiasiyanın məlumatına görə, "Cibo" 2012-ci ildə eyni nəsildən olan "Yendi" adlı şirlə birlikdə himayəyə götürülüb. Hər iki yırtıcı o zaman son dərəcə arıq vəziyyətdə olub. "Cibo"nun yoldaşı 2016-cı ildə vəfat edib, daha sonra onunla birlikdə yerləşdirilən dişi şir "Princessa" da ölüb. Assosiasiyanın vitse-prezidenti və baytar Jan-Kristof Jerar qeyd edib ki, heyvan insanlardan çox qorxurmuş. Onun sözlərinə görə, çubuq gördüyü zaman şir ya təşvişə düşürmüş, ya da aqressiya göstərirmiş. "Cibo" aprelin ortalarınadək özünü yaxşı hiss edib. Lakin daha sonra qəfildən qidalanmağı, hərəkət etməyi dayandırıb və baytarlar onun evtanaziya edilməsi qərarına gəliblər.
Mənbə
oxu.az