Dünya
Tramp İsrail-Livan danışıqlarında iştirak edəcək
İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Hamad Moavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində bildirib. "ABŞ rəsmisinin sözlərinə görə, Prezident Tramp günorta saatlarında İsrail və Livan səfirlərini Ağ Evdə salamlayacaq və orada tərəflər danışıqların ikinci raundunu keçirəcəklər", - deyə o yazıb. Öz növbəsində, CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti İsrail və Livan arasındakı danışıqlar prosesi çərçivəsində bəzi tədbirlərdə iştirak edəcək. İsrailin ABŞ-dəkı səfiri Y.Layter və Livanın ABŞ-dəkı səfiri N.Moavad birbaşa danışıqlarda ölkələrini təmsil edəcəklər. Görüşdə ABŞ dövlət katibi Marko Rubio da iştirak edəcək. Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında son 43 ildə ilk dəfə birbaşa danışıqlar raundu baş tutub. Vaşinqtonda keçirilən həmin görüşdə tərəflər yenə səfirlər səviyyəsində təmsil olunmuş, müzakirələrdə M.Rubio iştirak etmişdi.
Mənbə
oxu.az