İqtisadiyyat
Maliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?
Maliyyə icarəsi (lizinq) müqaviləsinin vaxtından əvvəl ləğvinin hansı hallarda mümkün olduğu yenidən müəyyənləşir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsində əksini tapıb. İcarəyə verən maliyyə icarəsi müqaviləsini aşağıdakı hallarda vaxtından əvvəl ləğv edə bilər: - icarəçinin maliyyə icarəsi obyektindən istifadə şəraiti maliyyə icarəsi müqaviləsinin şərtlərinə və ya maliyyə icarəsi obyektinin təyinatına uyğun olmadıqda; - icarəçi maliyyə icarəsi obyektini işlək halda saxlamadıqda və bu da onun istismara yararlılıq vəziyyətini pisləşdirdikdə; - icarəçi maliyyə icarəsi ödənişlərini təqvim ili ərzində üç dəfə və ya maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfə ödəmədikdə; - icarəçinin sahibkarlıq fəaliyyətinə xitam verildikdə, icarəçi ləğv edildikdə və ya müflis elan olunduqda. İcarəçi maliyyə icarəsi müqaviləsini nəzərdə tutulan hallarda maliyyə icarəsi obyektini geri qaytarmaqla vaxtından əvvəl ləğv edə və vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb edə bilər. Bu zaman icarəçi tərəfindən icarəyə verəndən maliyyə icarəsi ödənişlərinin geri qaytarılması tələb edildikdə maliyyə icarəsi müddəti ərzində maliyyə icarəsi obyektindən icarəçinin əldə etdiyi faydanın ağlabatan dəyəri geri qaytarılan maliyyə icarəsi ödənişlərindən çıxılır. Maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl ləğv edildiyi halda icarəyə verən maliyyə icarəsi obyektini digər icarəçiyə təkrar maliyyə icarəsinə verə bilər. Maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsi üzrə satıcının icra olunmamış öhdəlikləri mövcud olduqda icarəyə verən maliyyə icarəsi obyektinin satıcısını yeni icarəçi barədə məlumatlandırmalıdır.
Mənbə
oxu.az