İqtisadiyyat
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi
Milli Məclis Hesablama Palatasının ilik hesabatını qəbul edib. Oxu.Az xəbər verir ki, palatanın hesabatını qurumun sədri Vüqar Gülməmmədov təqdim edib. Hesabatda qeyd olunub ki, ötən il prokurorluğa üç audit üzrə material göndərilib. Bildirilib ki, 800 min manat bir audit üzrə ödənilmiş ziyan olub. Vurğulanıb ki, iki audit üzrə araşdırma davam etdirilir. Bundan başqa, dövlət büdcəsi üzrə aparılan nəzarət tədbirlərinə əsasən, audit olunan vəsaitin məbləği açıqlanıb. Nəzarət tədbirlərinə əsasən, bu vəsait 6.7 milyard manat olub. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584.8 milyon manat, maliyyə təhrifləri 626.3 milyon manat, səmərəsiz xərclər 342.9 milyon manata bərabər olub. Uyğunluq elementləri üzrə aşkarlanan maliyyə pozuntularının 170.4 milyon manatını büdcəyə hesablanan zərər təşkil edib. Büdcəyə hesablanan zərərin 101.5 milyon manatı üzrə vəsaitin bərpası, 40.2 milyon manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28.7 milyon manatın əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib. Bundan başqa, 2025-ci ilin İş Planına əsasən, dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101.5 milyon manata qarşı icra olunan vəsait açıqlanıb. Belə ki, bu məbləğ 93.9 milyon manat təşkil edib. Digər tədbirlər, o cümlədən debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48.1 milyon manata qarşı cəmi 8.5 milyon manatlıq icra təmin edilib.
Mənbə
oxu.az