Dünya
KİV: Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub
Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunur ki, gəmilər və ekipaj üzvləri heç bir zədə və xəsarət almayıblar. Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa etdiyini açıqlayıb. Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Mənbə
oxu.az