Dünya
ABŞ dron istehsal xərclərini 242 dəfə artırmağı planlaşdırır
ABŞ Hərb Nazirliyi (Pentaqon) tərkibində fəaliyyət göstərən Avtonom Döyüş Sistemləri Qrupu (DAWG) rəhbərlikdən öz maliyyələşməsinin 242 dəfə çoxaldılmasını istəyib. Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" aidiyyəti sənədlərə istinadən məlumat yayıb. Ehtimal olunur ki, DAWG üçün nəzərdə tutulan vəsait 225 milyon dollardan 2027-ci ildə 54.6 milyard dollara çatdırılacaq. Bundan əlavə məbləğin əhəmiyyətli hissəsi - 53.6 milyard dollar adi büdcə prosesindən kənarda qalan məcburi ayırmalardan ibarətdir. Məhz bu səbəbdən Birləşmiş Ştatların Hərb Nazirliyi avtonom sistemlərin tətbiqini ciddi şəkildə tezləşdirmək imkanı əldə edəcək. Agentliyin məlumatına əsasən, ümumilikdə Pentaqon inkişaf və sınaqlar üçün nəzərdə tutulan büdcə xərclərini 64% çoxaltmağı planlaşdırır. Nəticədə ümumi məbləğ 210.4 milyard dollardan 343.7 milyard dollara qədər artacaq. Qeyd edilən artımın təqribən 41%-i DAWG qrupunun ehtiyaclarına yönəldiləcək. Birləşmiş Ştatlarda Avtonom Döyüş Sistemləri Qrupu ötən ilin yay fəslində "One Big Beautiful Bill Act" (Bir böyük gözəl qanun layihəsi) qanununa əsasən təsis edilib. Sözügedən sənəd müdafiə və miqrasiya nəzarəti üçün ayrılan vəsaitlərin artırılmasını, lakin eyni vaxtda səhiyyə və ekoloji layihələrə yönələn xərclərin ixtisarını ehtiva edir.
Mənbə
oxu.az