Dünya

ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər

14 Apr 2026, 15:12 1 baxış
ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, "United Airlines"ın rəhbəri Skott Kirbi iki şirkətin birləşməsi təklifini ABŞ rəsmilərinə çatdırıb. Ancaq potensial müqavilə üzrə konkret danışıqların başlanıb-başlanmadığı hələlik aydın deyil. Adıçəkilən hər iki şirkət Amerikanın dörd ən iri aviadaşıyıcıları siyahısındadır və ölkənin hava nəqliyyatı bazarının təqribən üçdə birini əhatə edirlər. "Bloomberg"in məlumatına görə, "United Airlines" ilə "American Airlines"in mümkün birləşməsi nəticəsində dünyanın ən nəhəng aviaşirkəti əmələ gələcək ki, bu da siyasətçilər, rəqiblər və müştərilər tərəfindən ciddi antiinhisar narahatlıqlarına və kəskin reaksiyalara yol aça bilər. Agentlik əlavə edir ki, ABŞ və İran arasındakı hərbi münaqişənin qlobal bazarlara təsiri və bunun ardınca yaranan yanacaq böhranı birləşmə müzakirələrinə təkan verib. S.Kirbi daha öncə şirkət əməkdaşlarına ünvanladığı məktubunda bildirmişdi ki, neft və yanacaq qiymətlərinin bahalaşması fonunda baş verə biləcək sənaye şokları yeni satınalma fürsətləri verəcək və fayda gətirəcək. Hazırda "United Airlines"in bazar dəyəri təxminən 31 milyard dollar, "American Airlines"in kapitalizasiyası isə təqribən 7,4 milyard dollar səviyyəsində qiymətləndirilir. Qeyd edək ki, bu iki nəhəng aviadaşıyıcının birləşmə prosesi ABŞ Ədliyyə və Nəqliyyat nazirlikləri tərəfindən təsdiqlənməlidir. ABŞ-ın nəqliyyat naziri Şon Daffi daha əvvəl bildirmişdi ki, administrasiya bu tipli müqavilələri qiymətləndirərkən onların daxili və qlobal rəqabət mühitinə, eyni zamanda aviabiletlərin qiymətinə necə təsir göstərəcəyini diqqətlə təhlil edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər