İran müharibəsi Türkiyəyə necə təsir edir? - Vitse-prezident
İran ətrafındakı böhranın danışıqlar yolu ilə həll olunacağına ümid edirik. Bölgəmizdə gərginliyin azalmasını, daha sabit mühitin formalaşmasını istəyirik. Müharibə heç kimə fayda vermir, ədalətli sülh isə hər kəsin maraqlarına cavab verir. Türkiyə olaraq bu istiqamətdə səylərə hər zaman töhfə verməyə hazırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, vəziyyət qeyri-müəyyən olaraq qalır. Bəzən daha müsbət mesajlar verilir, bəzən isə gərginliyi artıran bəyanatlar səslənir. Ümid edirik ki, böhran ən qısa zamanda aradan qalxacaq, danışıqlar bərpa olunacaq və problemlər silah yolu ilə deyil, dialoq masasında həll ediləcək”, - C.Yılmaz qeyd edib.
O, həmçinin Türkiyənin enerji təchizatı ilə bağlı problem yaşamadığını vurğulayıb:
“İdxalın şaxələndirilməsi siyasətimizin faydalarını bir daha aydın görürük. Müxtəlif ölkələrdən neft və təbii qaz tədarük edən dövlət olmağın üstünlükləri bu gün daha aydın hiss olunur. Bir çox ölkələrlə müqayisədə Türkiyə bu böhranlı dövrü daha məhdud təsirlərlə keçəcək”.