Dünya
Cənubi Koreyada inflyasiya fonunda "kasıb xəritəsi" xidməti populyarlaşıb
Cənubi Koreyada inflyasiya, qiymət artımı və geosiyasi gərginliklər fonunda onlayn xəritədən ibarət "kasıb xəritəsi" (poor map) saytı sürətlə populyarlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə MBN telekanalı xəbər yayıb. Telekanalın məlumatına görə, ölkədəki ciddi qiymət artımı sakinlər, xüsusilə də tələbələr üçün ağır maliyyə yükü yaradıb. Seul sakini Li İn Unun sözlərinə görə, şəhərin məşhur restoranlarında bir dəfə yemək yemək təxminən 20 000 vona (təxminən 25-26 manat) başa gəlir. Şəhərdə ucuz kafelər tapmaq mümkün olsa da, onları axtarmaq çox vaxt aparır. MBN qeyd edir ki, hər kəs bu çətinliyin öhdəsindən gələ bilmir. "Kasıb xəritəsi"ndə isə şəhərdəki ən ucuz iaşə obyektlərinin adları və ünvanları qeyd olunub. Hazırda bu saytdan istifadə edənlərin sayı 150 000 nəfəri keçib. Telekanal bildirir ki, son beş ildə restoranların əməliyyat xərcləri, xüsusilə də xammalın qiyməti təxminən 50% yüksəlib. Bu da iaşə sektorunda qiymətlərin kəskin bahalaşmasına səbəb olan əsas amillərdən biridir.
Mənbə
oxu.az