Dünya
KİV: Pit Heqset ABŞ ordusunun qərargah rəisinin istefasını tələb edib
ABŞ-nin hərb naziri Pit Heqset ordunun qərargah rəisi, general Rendi Corcun dərhal istefa verməsini tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Heqset bu vəzifəyə ABŞ Prezidenti Donald Trampla birlikdə formalaşdırdığı ordu konsepsiyasını həyata keçirəcək şəxsi təyin etmək niyyətindədir. Adətən qərargah rəisi dörd ildən bir dəyişir. Corc 2023-cü ildə prezident Co Bayden tərəfindən namizəd göstərilib və Senat tərəfindən təsdiqlənib. O, daha əvvəl müdafiə naziri Lloyd Ostinin köməkçisi vəzifəsində çalışıb, Fars körfəzi, İraq və Əfqanıstanda əməliyyatlarda iştirak edib. CBS-in məlumatına görə, onun yerinə əsas namizəd kimi qərargah rəisinin müavini Kristofer LaNiv göstərilir. Daha əvvəl Heqset ondan çox yüksəkvəzifəli hərbçini, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Kyu Braun və Hərbi-Dəniz Qüvvələrinin rəhbəri, admiral Liza Frankettini vəzifədən azad edib.
Mənbə
oxu.az