Dünya
İran "USS Abraham Lincoln" aviadaşıyıcısına zərbə endirdiyini bildirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 91-ci hücum dalğası çərçivəsində ABŞ-nin "USS Abraham Lincoln" aviadaşıyıcısına zərbə endirdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən IRIB telekanalı məlumat yayıb. "Bu əməliyyat zamanı Hind okeanının şimal hissəsində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupu dörd "Qədr-380" qanadlı raketi ilə vurulub", - deyə İranın dövlət teleradio şirkəti bəyanatdan sitat gətirib. SEPAH-dan bildirilib ki, əməliyyatın növbəti mərhələlərində "BƏƏ-də düşmən bazalarından birinin kənarında yerləşən ABŞ qırıcılarının bort mühəndisləri və pilotlarının gizli toplanma yeri" və "Küveytdə yerləşən Əli əs-Səlim bazasındakı "MQ-1 Predator" pilotsuz aparat bölmələri" də hədəfə alınıb.
Mənbə
oxu.az