Dünya
BMT: İranda münaqişə başlayandan Fars körfəzində gəmilərə 21 hücum qeydə alınıb
İrana qarşı hərbi münaqişə başlayandan bəri Fars körfəzi bölgəsində kommersiya gəmilərinə 20-dən çox hücum qeydə alınıb. Hücumlar nəticəsində 10 nəfər həlak olub, yaralananlar da var. Oxu.Az Ridus.ru-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) bəyanatında deyilir. IMO-nun bəyanatına əsasən, 28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlarla hücumların sayı artaraq 21-ə çatıb. Bu hücumlar nəticəsində 10 dənizçi həyatını itirib, bir neçə ekipaj üzvü isə ağır yaralanıb. Fars körfəzində hazırda təxminən 20 000 mülki dənizçi qalmaqdadır və onlar resurs çatışmazlığı, fiziki yorğunluq və ciddi psixoloji stres yaşayırlar. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə
oxu.az