BƏƏ Fransaya 3,5 milyard avro ödəməkdən imtina etdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əməkdaşlıq şərtlərindən narazı qaldığı üçün Fransanın modernləşdirilmiş “Rafale F5” qırıcı təyyarəsinin inkişaf proqramında iştirakdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.
Məlumata görə, Fransa tərəfi qırıcı təyyarələrin modernləşdirilməsi proqramında iştirak üçün BƏƏ-yə 5 milyard avroluq layihədə 3,5 milyard avro həcmində maliyyə öhdəliyi təklif edib. Əmirliklər daha dərin texnoloji əməkdaşlığa ümid etsələr də, Fransa xüsusilə optoelektron sistemlər sahəsində texnologiyaların paylaşılmasına razı olmayıb. Bu səbəbdən BƏƏ tərəfi Fransanı əməkdaşlıqda qeyri-konstruktiv yanaşmada ittiham edib.
Məlumatda bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ilin dekabrında Əbu-Dabiyə səfəri zamanı fikir ayrılıqlarını aradan qaldırmaq cəhdləri uğursuz olub. Onun BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünün gərgin keçdiyi qeyd olunur. Nəticədə, BƏƏ adekvat qarşılıq almadan layihəyə vəsait ayırmaqdan imtina edib.