Şou biznes
"Amazon MGM Studios" yeni Ceyms Bond üçün kastinqə başladı
"Amazon MGM Studios" şirkəti Ceyms Bond rolu üçün aktyor kastinqinin keçirildiyini rəsmən elan edib. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, studiyanın rəsmi açıqlamasında deyilir: "Konkret detalları şərh etməyi planlaşdırmırıq, lakin uyğun vaxt çatan kimi "007" pərəstişkarları ilə yenilikləri bölüşəcəyik". Qeyd edək ki, baş rolda Deniel Kreyqin çəkildiyi sonuncu - "Ölmək vaxtı deyil" (No Time to Die) filminin ekranlara çıxmasından beş il ötür. 2022-ci ildə "Amazon" şirkəti "MGM Studios"u satın alıb. 2025-ci ildə isə Ceyms Bond haqqında bütün filmlərin prodüseri olan "Eon Productions" françayz üzərindəki kreativ nəzarəti "Amazon MGM Studios"a dövr edib. Layihənin yaradıcı heyəti də diqqət çəkir. 2025-ci ilin iyununda "Düna" (Dune) filmi ilə böyük uğur qazanan Deni Vilnöv yeni ekran işinin rejissoru təyin edilib. Həmin ilin avqustunda isə filmin ssenarisini "İti günlüklər" (Peaky Blinders) serialının yaradıcısı Stiven Naytın yazacağı məlum olub. "Agent 007" roluna namizədlər arasında Tom Holland, Harris Dikinson və Ceykob Elordi kimi gənc ulduzların adları hallanırdı. 2026-cı ilin yanvarında britaniyalı aktyor Kallum Törner Bond roluna təsdiqləndiyini açıqlasa da, kinostudiya indiyədək bu xəbərlərin heç birini rəsmən təsdiqləməyib.
Mənbə
oxu.az