Dünya
Tramp Pekinə getməzdən öncə Çin gizli nüvə zavodu açır - Yeni savaş başlayır?
ABŞ Prezidenti Donald Trampın Pekinə planlaşdırılan səfəri ərəfəsində Çinin öz nüvə potensialını məxfi yollarla artırdığı məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı paylaşıb. Xəbərə əsasən, Çin hökuməti nüvə silahı hazırlayan yeni zavod inşa etmək məqsədilə Siçuan əyalətində yerləşən kəndlərdən birinin əhalisini köçürüb. Qeyd olunan əsas tikililərdən biri Tonqjiang çayı yaxınlığında ucaldılmış qeyri-standart formalı nəhəng günbəzdir. "Böyük ehtimalla, avadanlıqların quraşdırılması prosesi davam edir və obyekt hələ tam olaraq istismara verilməyib", - deyə məlumatda bildirilib. Sahəsi 3 300 kvadratmetrə çatan bu obyekt partlayışa dözümlü qapılar, həmçinin radiasiya ölçən cihazlarla təchiz edilmiş beton-polad strukturla qorunur. Analitiklər hesab edirlər ki, bu məkan plutonium və uran kimi kəskin radioaktiv maddələrin mühafizəsi üçün tikilib. Diqqətçəkən məqam odur ki, bu inşaat işləri nüvə arsenalının genişləndirilməsi məsələsində Pekinə təsir etmək istəyən ABŞ prezidentinin səfərindən dərhal öncə həyata keçirilir. Lakin CNN-in mənbələrinə görə, Çin tərəfi Trampın irəli sürdüyü şərtləri qəbul etməyi planlaşdırmır.
Mənbə
oxu.az