Dünya

Avstraliya və Avropa İttifaqı yeni müdafiə tərəfdaşlığı sazişi imzaladı

24 Mar 2026, 12:08 2 baxış
Avstraliya və Avropa İttifaqı yeni müdafiə tərəfdaşlığı sazişi imzaladı
Avstraliya Baş naziri Entoni Albaneze və Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen müdafiə tərəfdaşlığı sazişinin imzalandığını elan ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Avstraliya hökumətinin saytında məlumat verilib. Bildirilib ki, sazişi Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Marles, xarici işlər naziri Penni Vonq və Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaya Kallas imzalayıblar. Məlumata görə, tərəfdaşlıq müdafiə sənayesi, kibertəhlükəsizlik, iqtisadi təhlükəsizlik, terrorizmə qarşı mübarizə və hibrid təhdidlərə qarşı mübarizə sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də kosmik təhlükəsizliyi üzrə yeni dialoqun başlanmasını nəzərdə tutur. Tərəflər kəşfiyyat paylaşımını genişləndirmək və təhdidlərə qarşı mübarizə aparmaq üçün birgə imkanlar yaratmaq barədə razılığa gəliblər. Qeyd olunub ki, Avstraliya müdafiə şirkətləri üçün saziş hərbi texnikanın tədarükü üçün yeni imkanlar yaradacaq. Riçard Marles bildirib ki, bu tərəfdaşlıq münasibətləri dərinləşdirəcək və Avstraliyanın sənayesini və işçi qüvvəsini daha da dəstəkləyəcək yeni imkanlar üçün təməl qoyacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər