Dünya
Kim Çen Inın Cənubi Koreyanı "ən böyük düşmən ölkə" adlandırmasına Seuldan REAKİSYA
Cənubi Koreya hökuməti KXDR-nin lideri Kim Çen Inın rəsmi Seulu "ən böyük düşmən ölkə" adlandırmasına reaksiya verib. Rəsmi Seul Pxenyanı dinc yanaşı yaşamağa çağırıb və "düşmən ritorikasının dağıdıcı olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi administrasiyanın bəyanatına istinadən məlumat verib. Agentliyin xəbərinə görə, hökumət davamlı olaraq düşmən ritorikasının dinc, yanaşı yaşamağa kömək etmədiyi qənaətindədir. "Cənub və Şimal arasında ortaq rifaha və Koreya yarımadasında sabitliyə gedən yol düşmənçilik və münaqişədən deyil, dialoq və əməkdaşlıqdan keçir", - deyə hökumətin açıqlamasında qeyd olunub. Cənubi Koreya hökuməti Koreya yarımadasında dinc, yanaşı yaşama siyasətini ardıcıl olaraq davam etdirəcəyini bildirib. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In rəsmi olaraq Cənubi Koreyanı "ən böyük düşmən ölkə" adlandırıb və təxribat halında nəticələr barədə xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Kim əlavə edib ki, rəsmi Seul Pxenyana qarşı istənilən təxribata görə pul ödəyəcək. Şimali Koreya lideri açıqlamasında ölkəsinin nüvə silahı dövləti statusunun heç vaxt dəyişməyəcəyini bildirib. O, düşmən qüvvələrlə mübarizə aparmaq, Şimali Koreyanın müdafiə nüvə çəkindirmə qabiliyyətini gücləndirmək və nüvə qüvvələrinin milli və regional təhlükəsizliyə, strateji təhdidlərə sürətli və dəqiq cavab verməsi üçün səy göstərəcəyinə söz verib. Agentlik həmçinin bildirib ki, Ali Xalq Məclisinin sessiyasında KXDR Konstitusiyasının yenidən işlənməsi müzakirə olunub. Yekdilliklə qəbul edilmiş qanun layihəsinə əsasən, Konstitusiyaya əlavə və dəyişikliklər ediləcək, o cümlədən "KXDR-in Sosialist Konstitusiyası"nın "KXDR Konstitusiyası" adlandırılması nəzərdə tutulub. İclasda gündəlikdəki altıncı bənd kimi dövlət büdcəsi də müzakirə olunub. Agentlik qeyd edib ki, 2026-cı il dövlət büdcəsi investisiyaları bütün hərbi təhdidlərin qarşısını ala biləcək daha güclü bir qüvvənin qurulmasına, ölkənin suverenliyini və təhlükəsizliyini qorumağa, bütövlükdə milli iqtisadiyyat üçün bu ilin istehsal hədəflərinə uğurla çatmağa, elm, təhsil, səhiyyə, ədəbiyyat və incəsənət daxil olmaqla bütün sahələrin və bölmələrin inkişafını stimullaşdırmağa, xalqın güzəranının yaxşılaşdırılmasına töhfə verməyə yönəltmək üçün nəzərdə tutulub.
Mənbə
oxu.az