Buşehrdə əhəmiyyətli 2 körpü vuruldu - Video
İranın Buşehr şəhərində ABŞ və İsrailin səhər saatlarında hücumları nəticəsində iki körpü vurulub.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, sərnişin gəmiləri üçün olan "Vəlfəcr" yanalma körpüsünə zərbə endirilib, nəticədə obyektin infrastrukturu və orada olan gəmilər zədələnib.
Paralel olaraq "Cəfrə" balıqçılıq körpüsü hücuma məruz qalıb. Balıqçılıq avadanlıqlarının bir hissəsinin və qayıqların yanalma yerinin zədələndiyi bildirilib.
Məlumatda qeyd olunub ki, partlayışların gücü Buşehrin sahil rayonlarında güclü tüstülənməyə səbəb olub, zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə xilasetmə və yanğınsöndürmə bölmələri göndərilib.
SEPAH öz növbəsində Fars körfəzində özəl gəmilərə və sərnişin nəqliyyatına təkrar zərbələr endiriləcəyi təqdirdə sərt cavab tədbirləri görəcəyini bildirib.