Dünya
İranın Xarq adasındakı neft terminalı ABŞ-nin nəzarətinə keçə bilər
"İranın Xarq adasındakı əsas neft terminalı nəticədə ABŞ-nin aktivinə çevrilə bilər". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox Business"ə verdiyi müsahibədə bildirib. "Ötən həftə bombardman kampaniyası aparılıb. Xarq adasındakı hərbi obyektlər məhv edilib. Sonra nə baş verəcəyini, Xarq adasının nəticədə ABŞ aktivinə çevrilib-çevrilməyəcəyini görəcəyik", - Bessent deyib. Xatırladaq ki, bir müddət əvvəl "Axios" portalı ABŞ Prezidenti Donald Trampın İranın Xarq adasında neft infrastrukturunu ələ keçirmək üçün əməliyyat keçirməyi düşündüyü barədə məlumat dərc etmişdi. Məlumata görə, Fars körfəzində tankerlərin hərəkətinə məhdudiyyətlər davam edərsə, ABŞ prezidenti bu addımı ata bilər. Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az