Siyasət
News.ru: Vladimir Putin rusiyalıların İrandan təxliyəsinə görə İlham Əliyevə təşəkkür etdi
"Rusiya Prezidenti Vladimir Putin İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi səmərəli köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib". Oxu.Az xəbər verir ki, bunu news.ru saytı Kremlin mətbuat xidmətinə istinadən yayıb. Qeyd olunur ki, Rusiya lideri ölkəsindən humanitar yardımın çatdırılmasının təmin edilməsinə görə Azərbaycan liderinə minnətdarlığını ifadə edib. "Dövlət başçıları arasında telefon danışığı martın 11-də baş tutub. Danışıqlar zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində, həmçinin Rusiyadan İrana humanitar yardımın Azərbaycan ərazisi vasitəsilə çatdırılmasının təmin edilməsində səmərəli köməyə görə minnətdarlığını ifadə edib", - deyə xəbərdə bildirilib. Xəbərdə qeyd olunur ki, bundan əlavə, ölkə rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər və münaqişənin sülh yolu ilə ən qısa zamanda həll edilməsini dəstəkləyiblər. "Onlar, həmçinin döyüş əməliyyatlarının dayandırılmasını müdafiə ediblər", - deyə məlumatda bildirilib. Xəbərdə həmçinin vurğulanır ki, Azərbaycan digər dövlətlər arasında ilk olaraq İrana dəstək göstərərək, humanitar yardım partiyası göndərib: "Mətbuatın məlumatına görə, müvafiq tapşırığı İlham Əliyev verib. Yükü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nəqliyyat vasitələri çatdırıb".
Mənbə
oxu.az