Dünya

Gecə səmasında nadir hadisə: Saturn adi gözlə görünəcək

04 Oct 2026, 20:56 2 baxış
Gecə səmasında nadir hadisə: Saturn adi gözlə görünəcək
Oktyabrın 4-dən 5-nə keçən gecə Yer Günəşlə Saturn arasında yerləşəcək. Bu astronomik hadisə zamanı Saturn Yerə ən yaxın məsafədə olacaq və gecə səmasında daha parlaq görünəcək. Oxu.Az "EarthSky"a istinadən xəbər verir ki, Saturnun qarşıdurması (oppozisiyası) Bakı vaxtı ilə 5 oktyabr, saat 04:00-da baş verəcək. Bu zaman Yer Günəşlə Saturnun arasından keçəcək və Saturn səmanın Günəşə əks tərəfində yerləşəcək. Hadisə nəticəsində Saturn Günəş batarkən şərqdə görünəcək, gecə yarısı səmada ən yüksək nöqtəsinə çatacaq və səhər Günəş doğarkən qərbdə olacaq. Beləliklə, halqalı planet bütün gecə müşahidə edilə biləcək. Saturn qarşıdurma zamanı Yerə təxminən 1.26 milyard kilometr məsafədə olacaq. Planet 0.3 ulduz ölçüsü ilə 2026-cı ilin ən parlaq vəziyyətinə çatacaq və adi gözlə də seçiləcək. Astronomların bildirdiyinə görə, Saturnu gün batdıqdan sonra şərq səmasında axtarmaq mümkündür. Planet hazırda ən parlaq ulduzlardan belə daha parlaq görünür. Kiçik teleskop vasitəsilə isə onun halqalarını müşahidə etmək mümkündür. Saturnun qarşıdurması hər il təxminən iki həftə gec baş verir. 2024-cü ildə bu hadisə sentyabrın 8-də, 2025-ci ildə sentyabrın 21-də baş verib. Növbəti qarşıdurma isə 2027-ci il oktyabrın 18-də olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər