Siyasət

Azərbaycanda cəriməni ödəməyən məhkumlarla bağlı QANUNDA DƏYİŞİKLİK

10 Mar 2026, 16:10 1 baxış
Azərbaycanda cəriməni ödəməyən məhkumlarla bağlı QANUNDA DƏYİŞİKLİK
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası ilə bağlı hökm onu çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud bu qazanc cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə, cərimə məhkumun xüsusi mülkiyyətində olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir. Bu zaman "İcra haqqında" Qanunun borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur. Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun əməkhaqqı və ya başqa qazancı, xüsusi mülkiyyətində əmlakı, ümumi mülkiyyətdə payı, digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilən bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər