Siyasət
Iğdırda keçirilən iftar məclisində birlik və həmrəylik mesajları səsləndirilib
Martın 5-də Türkiyənin Iğdır şəhərində yaşayan soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar məclisi təşkil edilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və İğdır Valiliyinin dəstəyi ilə baş tutub. Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, hər iki ölkənin müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisası üzrə II kurs tələbəsi Fəyaz Nəsirzadə tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan və Türkiyə münasibətlərini "Bir millət, iki dövlət" ifadəsi ilə xarakterizə edib. O, qeyd edib ki, bu fəlsəfəni və düşüncəni güclü dövlətçilik modelinə çevirən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasətləri nəticəsində dövlətlərimiz sabitlik, təhlükəsizlik və əmin-amanlıq şəraitində inkişaf edir. Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev müqəddəs Ramazan ayının Türkiyə və Azərbaycan xalqları üçün xeyirli, uğurlu olmasını arzulayıb. İki qardaş xalqın tarix boyu sevincdə də, çətin günlərdə də daim bir-birinə dayaq olmasının önəmi barədə danışıb. Baş konsul bu birliyin gələcəkdə də eyni ruhda davam edəcəyinə əminliyini ifadə edib. Ədalət və İnkişaf Partiyasının (AKP) Iğdır millət vəkili Cantürk Alagöz Ramazan ayında qardaş xalqların nümayəndələri ilə eyni süfrə arxasında olmaqdan qürur duyduğunu, Azərbaycan və Türkiyənin birlik, həmrəylik baxımından nümunə göstərilən ölkələrdən olduğunu vurğulayıb. AKP-nin Qaziantəp millət vəkili, Türkiyənin sabiq ədliyyə naziri Əbdülhəmid Gül isə çıxışında bildirib ki, heç bir xəritə və sərhəd xalqlarımız arasındakı qardaşlığa mane ola bilməz: "Azərbaycandan Qafqaza, Balkanlardan dünyanın müxtəlif bölgələrinə qədər eyni duyğularla bir araya gəldiyimiz bu birlik süfrəsi ortaq dəyərlərimizin və həmrəyliyimizin təzahürüdür". Ramazan ayı münasibətilə edilən dualardan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb. Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Türkiyənin İstanbul, Qars və Iğdır şəhərlərində təşkil edilən iftar mərasimlərində yüzlərlə soydaşımız iştirak edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az