Dünya
İran rəsmisindən iddia: "Netanyahunun görüşlərinin harada keçirildiyini bilirik"
İran İsrail Baş naziri Benyamin Netanyahunun iclaslarının keçirildiyi yer barədə əllərində informasiyanın olduğunu iddia edib. Oxu.Az-ın ISNA nəşrinə istinadən xəbərinə görə, İranın yüksəkvəzifəli hərbi rəsmisi, həlak olan ali liderin müşaviri Yəhya Rəhim Səfəvi belə bir bəyanatla çıxış edib. "Əlimizdə olan məlumatlarımız yenilənib, biz Netanyahunun görüşlərini harada keçirdiyini bilirik", - deyə o qeyd edib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az