Siyasət
Qazaxıstan XİN Azərbaycana təşəkkür edib
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışığı aparıb. Oxu.Az bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir. Bildirilir ki, tərəflər Yaxın Şərqdə mövcud hərbi-siyasi vəziyyəti müzakirə edib və böhran şəraitində fəaliyyətlərin sıx koordinasiyasının zəruriliyini vurğulayıblar. Qazaxıstan XİN başçısı qazaxıstanlıların İrandan təxliyəsi ilə bağlı məsələlərdə göstərdiyi konstruktiv əməkdaşlığa və yardıma görə Azərbaycana minnətdarlığını bildirib. Həmsöhbətlər münaqişələrin müstəsna olaraq siyasi-diplomatik üsullarla həllinə, beynəlxalq hüquq normalarına riayət olunmasına, habelə regional təhlükəsizlik, sülh və sabitliyin təmin edilməsi maraqları naminə səylərin birləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər. Danışıqların yekunu olaraq tərəflər koordinasiyanı davam etdirməyə, zərurət yarandıqda vətəndaşların mümkün təxliyəsinin təşkilində dəstək göstərməyə və XİN xətti ilə daimi işçi təmasları saxlamağa hazır olduqlarını bəyan ediblər. Xatırladaq ki, daha əvvəl Tehrandan 50 Qazaxıstan vətəndaşının çıxarılması təşkil edilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər