Dünya
Avropa liderlərindən İrana sərt xəbərdarlıq
Almaniya, Fransa və Böyük Britaniya liderləri Yaxın Şərqdə müttəfiqlərə qarşı zərbələrin davam edəcəyi təqdirdə İrana qarşı hərbi tədbirlərin görülə biləcəyini bəyan ediblər. Oxu.Az xəbər verir ki, bu barədə onların birgə bəyanatında bildirilib. Açıqlama Almaniya hökumətinin mətbuat xidməti tərəfindən yayılıb. Sənəddə qeyd olunur: "Biz İranı dərhal açıq hücumlarını dayandırmağa çağırırıq. Regiondakı maraqlarımızı və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görəcəyik". Liderlər vurğulayıblar ki, zərurət yaranarsa, İranın raket və pilotsuz uçuş aparatlarını mənbəyində zərərsizləşdirmək məqsədilə "mütənasib müdafiə xarakterli hərbi tədbirlər" istisna edilmir. Həmçinin bu məsələdə ABŞ və regiondakı müttəfiqlərlə əməkdaşlıq ediləcəyi bildirilib. Bəyanatda İranın region ölkələrində, o cümlədən əvvəlki hərbi əməliyyatlarda iştirak etməyən obyektlərə raket zərbələri endirməsindən dərin narahatlıq keçirdikləri qeyd olunub.
Mənbə
oxu.az