Makron Fransanı Avropanın "ən zəif halqasına" çevirdi
Prezident Emmanuel Makronun təxminən on illik hakimiyyəti Fransanı “Avropanın ən zəif halqasına” çevirib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Bildirilib ki, iqtisadi fəaliyyətin yavaşlaması, artan borc və siyasi qeyri-sabitlik investorların Fransaya olan inamını sarsıdır. Parlamentdə çoxluğa malik olmayan hökumət bazarları dövlət maliyyəsini bərpa etmək qabiliyyətinə inandıracaq bir büdcə qəbul etməlidir.
Qeyd edilir ki, prezidentliyinin ilk dönəmlərində Makron əmək qanunlarını yumşaltdı və şirkətlər üçün vergiləri azaltdı. Nəticədə iqtisadiyyat 2%-dən çox artdı, işsizlik isə azaldı.
Lakin 2018-ci ildə yanacaq vergilərini artırmaq planları "sarı jiletlilər" hərəkatının etirazlarına səbəb olub. Hökumət gərginliyi azaltmaq üçün vergi güzəştləri və ödənişlərinə 10 milyard avrodan çox pul xərclədi.
Daha sonra pandemiya və enerji böhranı səbəbindən xərclər artdı.
Agentlik müvafiq hesabatlara istinadən xəbər verir ki, pandemiya ilə əlaqəli böhran əleyhinə tədbirlər və stimullaşdırıcı addımlar 2020-2022-ci illər üçün təxminən 190 milyard avroya başa gəlib, enerji böhranı dövründə isə xərclər 72 milyard avroya yaxınlaşıb.