Digər

Müşfiq Abbasov danışdı: Axı mən həbs olunmamışam!

24 Feb 2026, 15:05 2 baxış
Müşfiq Abbasov danışdı: Axı mən həbs olunmamışam!

Kult.az Müşfiq Abbasovla müsahibəni təqdim edir:


- Müşfiq müəllim, telefonla müsahibəyə razılaşdığınız üçün təşəkkür edirik...


- Buyurun, xoşdur.


- Sizə üstünüzdə telefon saxlamağa və danışmağa icazə verirlər?


- Başa düşmədim! Kim icazə verməlidir ki? Mən danışmaq üçün niyə icazə almalıyam?


- Yəni siz saxlanılmamısınız?


- Hazırda iş dalısıyca gedirəm, şəhərin mərkəzində tıxacda qalmışam. Siz buna “saxlanılmaq” deyirsiniz?


- Həbs olunmusunuz axı...


- Yalandır, mənim nə günahım var ki, həbs də olunam. Bunu yəqin ki, sarı mətbuat uydurub...


- Baş Prokurorluğun rəsmi açıqlaması var.


- Nə açıqlamadır?


- Bildirilib ki, siz informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermişiniz...


- Mənim informasiya resursumda heç bir qanun pozulmur, girib, özünüz yoxlaya bilərsiniz.


- Bu məlumatdan sonra iddia edirlər ki, sizin çıxışlarınız “yuxarılar”ın xoşuna gəlmədiyi üçün...


- Bizim çıxışlarımız “yuxarılar”ın da, “aşağılar”ın da xoşuna gəlir, tirajımız milyonlarla ölçülür, şərhlərdə bizə hər kəsin necə hörmət, sevgi göstərdiyini özünüz görə bilərsiniz.


- Bəzilərini qıcıqlandırdığınız bildirilir.


- Əksinə, hər kəs “qıcıqlananda” bizim səhifəmizə girir ki, əsəbləri sakitləşsin. Biz insanlara yalnız sevinc, fərəh, gülüş bəxş edirik, ictimai gərginliyi suçəkən kimi çıxarırıq. Bizə baxıb, yalnız gülmək olar, əsəbiləşmək yox.


- Siz ciddi danışırsınız?


- Şübhə edirsinizsə, sizi 23 mayda Bakıda keçiriləcək növbəti konsertimizə dəvət edirəm.


- Konsert nədir?


- “Konsert”in nə olduğunu bilmirsiniz?


- Müşfiq müəllimlə danışıram?


- Bəli.


- Abbasov?


- Bəli.


- Hüquqşünas?


- “Bu şəhərdə”nin prodüseri, ssenaristi...


- Səhv salmışıq. Bəs, bayaqdan niyə demirsiniz?


- Siz nə vaxt soruşdunuz ki?


- Onda sizdən tanınmış adaşınız haqda soruşaq...


- Allah rəhmət eləsin, abdalgülablı Müşfiq Abbasov 2020-ci il savaşına iki oğlu ilə birgə qatılmışdı, qəhrəmancasına da şəhid oldu. Şəhidimizin ruhu önündə baş əyirəm, adaşıma qəni-qəni rəhmət diləyirəm.


- Allah rəhmət eləsin. Ancaq hüquqşünas Müşfiq Abbasovu nəzərdə tuturduq...


- Hüquqşünasa hüquqi məsləhətlər verə bilmərəm. Ancaq 15 sutkadır, inşallah, 23 maya qədər içəridə qalmaz.


- Nə arzulayardınız?


- Arzulayardım ki, o, Nigar Camalı tənqid edəndə media mənim şəklimlə o xəbəri yaymasın...


- Elə bir səhv də olub?


- Olub.


- Demək, indiki yanlış ilk deyil!


- Hətta ikinci də deyil.


- Təşəkkür edirəm.


- Mən sizə təşəkkür edirəm. Tıxacda başımı qatdınız...


P.S. “Müsahibə” xəyal məhsuludur...

Mənbə axar.az

Oxşar Xəbərlər