Dünya
Tramp Kubaya gedən gəmilərlə bağlı qadağanı bir il uzatdı
ABŞ Prezidenti Donald Tramp Kubaya istiqamət götürən həm ABŞ, həm də xarici gəmilərin səlahiyyətli orqanlar tərəfindən saxlanılmasına və yoxlanılmasına icazə verən fərmanın müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlər toplusu hesab edilən Federal Reyestrdə dərc olunub. Xüsusi qeyd edilir ki, Kuba hökuməti adanın şimal sahilləri yaxınlığında keçiriləcək xatirə tədbirləri və ya dinc etiraz aksiyalarında iştirak etmək ehtimalı olan ABŞ gəmilərinə və uçuş aparatlarına qarşı güc tətbiq etməyəcəyinə dair heç bir zəmanət təqdim etməyib. Sənəddə, həmçinin vurğulanır ki, ABŞ-də qeydiyyatda olan hər hansı bir gəminin Kuba ərazi sularına icazəsiz daxil olması Birləşmiş Ştatların xarici siyasətinə ciddi zərər vura bilər. Belə ki, bu cür addımlar Kubadan kütləvi miqrasiya axınını təhrik etmək potensialına malikdir. Dövlət başçısı bəyan edib ki, məhz bu səbəbdən o, Kuba ilə bağlı fövqəladə vəziyyət rejimi və adaya yönələn gəmiləri saxlamaq hüququ verən fövqəladə səlahiyyətlərin qüvvədə olma müddətini uzadır.
Mənbə
oxu.az