Dünya
Ermənistanın hakim partiyası parlament seçkisi üçün ilk 50 namizədini seçdi: Siyahıda kim var?
Ermənistanda hakim Vətəndaş Sazişi Partiyasının mərkəzi ofisində 13-15 fevral tarixlərində baş tutan 2026-cı il parlament seçkisi üçün partiya siyahısına namizədlərin seçilməsinin birinci mərhələsi başa çatıb. Partiya ilkin səsvermənin nəticələrinə əsasən, baş nazir postuna namizədlərin adlarını açıqlayıb. Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, ilkin mərhələdə 276 namizəddən 50-si seçilib. Səsvermənin nəticələrinə uyğun olaraq, partiyanın ilkin reytinqi formalaşdırılacaq və sıralama ən yüksək səs qazanandan ən az səs alana doğru olacaq. İlk 50 namizəd mart ayında partiya platformasında partiyadaxili təşviqat kampaniyası keçirəcək. Bundan sonra yenidən bu 50 nəfər arasında seçim ediləcək və kimin baş nazirliyə namizəd olacağını və siyahıda kimin hansı yeri tutacağı müəyyən ediləcək. Səsvermənin ilkin nəticələrinə görə, baş nazir Nikol Paşinyan (894 səs), müdafiə naziri Suren Papikyan (780 səs), iqtisadiyyat naziri Gevorq Papoyan (765 səs), xarici işlər naziri Ararat Mirzoyan (743 səs), deputat Vaaqn Aleksanyan (697 səs), parlamentin vitse-spikeri Ruben Rubinyan (687 səs), baş nazir aparatının rəhbəri Arayik Arutyunyan (668 səs), Vətəndaş Sazişi fraksiyasının rəhbəri Ayk Koncoryan (663 səs), parlamentin spikeri Alen Simonyan (628 səs) və əmək naziri Arsen Torosyan (620 səs) liderlərin ilk onluğuna daxil olublar.
Mənbə
oxu.az