Dünya
Madaqaskarda "Gezani" siklonu: Milli fəlakət rejimi elan olundu
Madaqaskar hökuməti ölkəni vuran və 30-dan artıq şəxsin ölümünə səbəb olan "Gezani" siklonu ilə əlaqədar ölkədə milli fəlakət rejimi elan edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli "Madagascar Tribune" qəzeti məlumat verib. Məlumata görə, milli fəlakət rejiminin elan edilməsi dövlət qurumlarına daha effektiv qərarlar qəbul etmək və koordinasiyanı gücləndirmək imkanı yaradır. Xüsusilə səlahiyyətli orqanlar hərəkətin məhdudlaşdırılması, konkret bölgələrin bağlanması, eləcə də komendant saatının tətbiqi kimi addımlar ata bilər. Ölkə qanunvericiliyinə uyğun olaraq, milli fəlakət rejimi 15 gün ərzində qüvvədə ola bilər və zəruri hallarda uzadıla bilər. Risklərin aradan qaldırılması və fəlakətlərlə mübarizə üzrə Milli İdarənin ən son hesabatlarına əsasən, siklonun adanı vurması nəticəsində 36 nəfər həyatını itirib, 374 nəfər xəsarət alıb, altı nəfər isə itkin düşmüş hesab edilir. Siklonun təsirləri ümumilikdə 257 000-dən çox insana təsir edib, təqribən 9 000 insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakətdən ən çox zərər görən bölgə böyüklüyünə görə ölkənin paytaxtından və əsas limanından sonra ikinci ən iri şəhəri sayılan Tuamasina olub, şəhər 80% nisbətində dağılıb. Ümumilikdə ölkədə təxminən 18 000 ev dağılıb, 37 000 tikiliyə ziyan dəyib, 12 minə yaxın ev isə su altında qalıb. "Gezani" siklonu artıq Madaqaskar ərazisini tərk edib. Madaqaskar Meteorologiya Xidmətinin məlumatına görə, hazırda siklon tropik depressiya statusunu alıb. Küləyin sürəti saatda 55 km-ə çatır, bəzi hallarda isə külək güclənmələri saatda 75 km-ə qədər təşkil edir.
Mənbə
oxu.az