Dünya
Almaniyada yeni qalmaqal: Merts tənbəllik etməməyə çağırdı, vətəndaşlar qəzəbləndilər
Almaniya Kansleri Fridrix Merts ölkə vətəndaşlarını tənbəllik etməməyə və xəstəlik səbəbi ilə işdən qalma hallarını azaltmağa çağırıb. Lakin onun qismən məşğulluğun məhdudlaşdırılması ilə bağlı təşəbbüsü seçicilər tərəfindən kütləvi narazılıqla qarşılanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri məlumat verib. "Milli iqtisadiyyatımızın ümumi məhsuldarlıq səviyyəsi kifayət qədər yüksək deyil", - deyə Merts bildirib. Onun fikrincə, iş və şəxsi həyat arasında balans, eləcə də dördgünlük iş həftəsi ölkənin hazırkı rifah səviyyəsini gələcəkdə qoruyub saxlamağa imkan verməyəcək, buna görə də daha çox həvəslə işləmək lazımdır. Siyasətçi Almaniya sakinlərinin xəstəlik məzuniyyətlərinin sayını tənqid edərək qeyd edib ki, bu göstərici il ərzində təxminən üç həftə təşkil edir. O, insanları cüzi narahatlıq zamanı bülleten götürməyə deyil, onları işləməyə təşviq edən yeni stimullar yaratmağa çağırıb. Mühafizəkarlar üzrlü səbəblər olmadan natamam iş günü hüququnu ləğv etməyi təklif edərək, bunu "yarımştat həyat tərzi" ilə mübarizə adlandırıblar. Təşəbbüs vətəndaşların, xüsusən də qadınların qəzəbinə səbəb olub və sosial şəbəkələrdə çox sayda satirik memin yaranmasına gətirib çıxarıb. Aparılan sorğular göstərib ki, almanların üçdəikisi qəbul qaydalarının sərtləşdirilməsinə qarşı çıxıb və partiyanın iqtisadi siyasətinə etimad isə azalıb. Nəticədə siyasi qüvvə qalmaqallı ifadəni öz təkliflərindən çıxarmağa məcbur olub. Nümunə kimi Fridrix Merts altıgünlük iş həftəsinin tətbiq olunduğu Yunanıstanı qeyd edib. O, 40 saatlıq qrafikdən narazı olan hər kəsə Yunanıstanın əmək bazarının derequlyasiyası təcrübəsinə diqqət yetirməyi məsləhət görüb.
Mənbə
oxu.az