Cəmiyyət
Ağ Şəhərdə ağacların kütləvi kəsilməsinə dövlət qurumundan münasibət: "Ağır texnika ilə məhv edilib"
"Xətai rayonu, Süleyman Vəzirov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə ağacların ağır texnika ilə məhv edildiyi müəyyən olunub. "Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda, vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "168" çağrı mərkəzinə müraciət etsinlər", - deyə Q.Ağayev bildirib.
Əzizə İsmayılova
Əzizə İsmayılova
Mənbə
oxu.az