İqtisadiyyat

Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb

19 Oct 2026, 20:44 2 baxış
Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 185,17 milyon ABŞ dolları dəyərində 841 min 678 ton buğda gətirilib.


Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 10,8 % çoxdur.


Hesabat dövründə Azərbaycan Rusiyadan 156,04 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,8 dəfə çox) 711 min 883 ton (əvvəlki ilə nisbətən 3,8 dəfə çox), Qazaxıstandan 29,13 milyon ABŞ dolları dəyərində (-76 %) 129 min 793 ton (-77 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2 %) 1,6 ton (-81,3 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.


Xatırladaq ki, 2025-ci ildə Azərbaycana idxal edilən 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.


Görəsən bir il ərzində Qazaxıstandan alınan buğdanın həcmində kəskin azalma, Rusiyadan alınan məhsulun həcmində isə 3,8 dəfə artma nə ilə bağlıdır?


Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Bakupost.az-a bildirib ki, Qazaxıstandan gələn buğdada kəskin azalmaya səbəb bu ölkədə onun istehsalının həddən ziyadə azalmasıdır:


“Çünki bu ölkədə 2026-cı ildə buğda istehsalı 33 faiz azalıb. Hətta Qazaxıstanda buğda istehsalı azalmasa da belə, yenə də Azərbaycan onu həmin ölkədən almayacaqdı. Avqustda Azərbaycanın Rusiyadan aldığı buğdanın həcmi əvvəlki aya nisbətdə 4,5 dəfə artıb. Son 9 ayda Rusiyadan 1 milyon tondan çox buğda idxal edilib”.


Müsahibimizin sözlərinə görə, Rusiyadan buğda idxalının dəfələrlə artması isə bu ölkədən ixrac qiymətlərinin aşağı düşməsilə bağlıdır:


“Sonuncu ayda idxal buğdasının bir tonunun qiyməti 191 dollar olub. Halbuki dünya bazarında buğdanın qiyməti kifayət qədər yüksəlib. Səbəb əsasən logistika ilə bağlıdır. Rusiya və Ukrayna dünya bazarına əvvəlki tək böyük həcmdə buğda çıxara bilmir. Ancaq Qara dənizdə logistika sahəsində yaranan problem səbəbindən onlar bu imkandan məhrum olublar. Digər tərəfdən, Rusiyadan buğdanın qiyməti kəskin aşağı düşüb. Ona görə də Azərbaycan Rusiyadan buğda idxalını artırıb”.


Rusiyadan alınan məhsulun qiymətinin ucuzlaşması fonunda da Azərbaycan idxalçıları fürsətdən uğurla yararlanıblar:


“Düşünürlər ki, müəyyən mərhələdən sonra orada da qiymətlər yüksələr. Müharibə dayansa, logistikada baş verən problemlər aradan qalxacaq. Nəticədə Rusiya buğdanı həmin an daha yüksək qiymətlərə satmağa başlayacaq. Bu səbəbdən Azərbaycan idxalçıları fürsətdən istifadə edib, ucuz almaq üçün Rusiya bazarına üz tutublar. Rusiyada anbarlar dolub və indi onu boşaltmağa çalışırlar. Belədə, məhsulu dəyər-dəyməzinə satırlar”.


Mütəxəssis onu da qeyd edir ki, Azərbaycana Rusiyadan idxal edilən buğda 4-cü və 5-ci sinif buğdadır:


“Ərzaqlıq buğdanın, xüsusən də 3-cü sinif buğdanın qiyməti çox yüksəkdir. Rusiya 3-cü sinif buğdanı ucuz qiymətə satmaz. Azərbaycan isə bu ölkədən 4-cü, 5-ci sinif buğdanı idxal edir. Təəssüf ki, bu zaman ölkəyə gətirilən buğdanın keyfiyyəti ilə bağlı məlumat açıqlanmır”.

Mənbə axar.az

Oxşar Xəbərlər