Cəmiyyət
Sığortaolunanların uçotu sığortaçıda yalnız FİN ilə aparılacaq
Azərbaycanda sığortaolunanların sığortaçıda uçotunun yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılacaq. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Belə ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə əlaqələndirilir. Layihədə bildirilir ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır. Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN-lə aparılması məqsədilə sözügedən qanuna dəyişiklik layihəsi hazırlanıb. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək. Sözügedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq. Məlik Məlikov
Mənbə
oxu.az