Digər

"Improtex Industries" şirkətinin istehsalı olan minatəmizləmə texnikası "UMEX 2026" sərgisində təqdim olunub

27 Jan 2026, 16:24 2 baxış
"Improtex Industries" şirkətinin istehsalı olan minatəmizləmə texnikası "UMEX 2026" sərgisində təqdim olunub
"Improtex Industries" şirkəti tərəfindən istehsal edilən "Revival-T" uzaqdan idarəolunan humanitar mexaniki minatəmizləmə texnikası ilk dəfə beynəlxalq bazara ixrac edilib. Sözügedən texnika Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "International Golden Group (IGG)" tərəfindən satın alınaraq "UMEX 2026" sərgisində nümayiş etdirilib. Bu təqdimat Azərbaycan istehsalı olan humanitar təyinatlı texnoloji həllərin beynəlxalq bazarda tanıdılması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. "UMEX 2026 - Unmanned Systems Exhibition & Conference" pilotsuz və robotlaşdırılmış sistemlər, eləcə də humanitar və texnoloji həllər üzrə regionun və dünyanın ən böyük və mühüm beynəlxalq sərgisidir. Sərgi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil olunur və müxtəlif ölkələrdən dövlət qurumlarını, sənaye nümayəndələrini, texnologiya istehsalçılarını və beynəlxalq şirkətləri bir araya gətirir. Tədbirin yüksək statusunu təsdiqləyən əsas məqamlardan biri də sərginin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə keçirilməsidir. Bu, miqyaslı sərgidə iştirak etmək və yerli istehsal olan humanitar texnikanı təqdim etmək "Improtex Industries" üçün böyük peşəkar etimad və mühüm nailiyyət hesab olunur. "UMEX 2026" sərgisi bu il tarixində ən genişmiqyaslı buraxılış kimi yadda qalıb. Sərgini üç gün ərzində 35 000-dən çox ziyarətçi izləyib. Tədbirdə 40 ölkədən 390 şirkət iştirak edib ki, bu da əvvəlki buraxılışla müqayisədə əhəmiyyətli artım deməkdir. Eyni zamanda Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən 750 iştirakçı yer alıb. Səfər zamanı "Improtex Industries"in nümayəndə heyəti bir sıra mühüm görüşlər keçirib. Bu görüşlər çərçivəsində Estoniyanın aparıcı robototexnika şirkəti olan "Milrem Robotics"in baş icraçı direktoru Kuldar Varsi ilə Anlaşma Memorandumu (MoU) imzalanıb. Memorandum "Improtex Industries" tərəfindən istehsal olunan humanitar minatəmizləmə texnikasının Avropada istehsalı, eləcə də "Milrem Robotics"in texnoloji həllərinin Azərbaycanda istehsal və lokallaşdırma potensialı üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur. Qeyd edək ki, 2020-ci ildən etibarən "Improtex Industries" tərəfindən istehsal olunan humanitar minatəmizləmə texnikası işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə və bərpa proseslərində fəal şəkildə istifadə olunur. Bu çərçivədə 30-dan artıq "Revival-T" humanitar minatəmizləmə texnikası "ANAMA", "Qarabağ Dirçəliş Fondu" və aqrar holdinqlər tərəfindən satın alınıb. Qeyd olunan proses "Improtex Industries"in yerli mühəndislik potensialına əsaslanan humanitar təyinatlı texniki həllərinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan istehsalı olan məhsulların qlobal bazarda mövqeyinin möhkəmlənməsinə də töhfə verir. Bu istiqamətdə atılan addımların gələcəkdə ixrac fəaliyyətinin davamlılığını təmin edəcəyi və qeyri-neft sənaye potensialının daha da güclənəcəyinə töhfə verəcəyi gözlənilir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər