Cəmiyyət

"Binadan cavabdeh şəxslər yanğın təhlükəsizliyi ilə bağlı tədbir görməyiblər" - Yasamal sakinlərindən ŞİKAYƏT

24 Jan 2026, 20:00 2 baxış
"Binadan cavabdeh şəxslər yanğın təhlükəsizliyi ilə bağlı tədbir görməyiblər" - Yasamal sakinlərindən ŞİKAYƏT
Yanvarın 21-i Bakı şəhəri, Həsən bəy Zərdabi prospektində yanğın baş verən çoxmərtəbəli yaşayış binasında təhlükəsizlik tədbirlərinin görülmədiyi iddia olunub. Oxu.Az-a müraciət edən bina sakinləri bildiriblər ki, binanın zirzəmisində yanğın və ya tüstülənmə baş verən zaman lazım olacaq əlavə çıxışlar bağlıdır. Sakinlərin sözlərinə görə, hər mərtəbədə yanğınsöndürmə balonları olsa da, onların işlək vəziyyətdə olub-olmaması şübhə doğurur: "Həmçinin qarajda üstüaçıq kabellər var. Bu da qısaqapanma olarsa, fəlakətlə nəticələnə bilər. Binaya nəzarət edən "İDF-Mənzil Servis" MTK sahibləri bina üçün heç bir iş görmürlər. Liftlər də qəzalı vəziyətdədir. Yaxın günlərdə lift 12-ci mərtəbədən birinci mərtəbəyə düşüb. İçərisində də iki sakin olub. Sakinlərin bəxti gətirib ki, lift qəfil dayanıb, onlar da müxtəlif xəsarətlərlə xilas olublar. Bir sözlə, binamız acınacaqlı durumdadır. Növbəti dəfə bir də yanğın olsa, sakinlər çıxılmaz vəziyyətdə qala bilərlə. Biz bu hadisədən qabaq Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etmişik. Onlar binaya baxış keçiriblər. Yanğın təhlükəsizliyinin olmadığını təsdiq ediblər. Lakin buna baxmayaraq binadan məsul olan şəxslər iş görmür. İllərdir deyirik ki, binaya baxa bilmirsinizsə, təhvil verib gedin. Biz hətta binada heç bir iş görülmədiyinə görə 2015-ci ildən istənilən ödənişləri etmirik. Biz 2000-ci ildən ödənişləri etdik, 15 il ərzində heç bir iş görməyiblər". Sakinlər FHN-ə müraciətlərində qeyd etdikləri məqamlar barədə də məlumat veriblər: "Komplekslərin qaraj hissəsində təxminən 15 ədəd elektrik kabelinin açıq və izolyasiyasız formada qalması; yanğınsöndürmə balonlarının olmaması və ya istifadə müddətinin bitməsi ehtimalı; yanğın zamanı istifadə üçün nəzərdə tutulmuş evakuasiya çıxışlarının sayının kifayət etməməsi - qarajdan çıxış üçün faktiki olaraq yalnız bir yolun mövcud olması; qarajda yerləşən texniki çıxışların bağlı vəziyyətdə olması, onlar üzrə giriş-çıxışın mümkün olmaması; qeyd olunan texniki çıxışların və evakuasiya yollarının ünvanlanmasına dair məlumatlandırıcı lövhə və işarələrin quraşdırılmaması. Bunların hər biri araşdırılması vacib olan məsələlərdir". Şikayətçilər qeyd ediblər ki, liftdə yaranan problemlə bağlı da Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət edilib, əməkdaşların binaya baxış keçirəcəyi söylənib.
{{gallery}} Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları daxil olmuş vətəndaş müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 72 ünvanında yerləşən "İDF-Mənzil Servis" MTK-ya məxsus yaşayış binalarında yanğın-texniki müayinə keçiriblər. Bu zaman "Yanğın təhlükəsizliyi Qaydaları"nın pozulması aşkar olunub: "Aşkar edilmiş çatışmazlıqlarla bağlı "İDF-Mənzil Servis" MTK-nın yanğına qarşı cavabdeh şəxsi barəsində 2025-ci il dekabrın 16-da inzibati xəta haqqında protokol tərtib edilib, nöqsanların aradan qaldırılması istiqamətində "Mənzil Servis" MTK-nın rəhbərliyinə dekabrınn 23-də tələbnamə məzmunlu məktub ünvanlanıb. Eyni zamanda, qeyd olunan vəziyyət nəzərə alınaraq müvafiq tədbirlər görülməsi məqsədilə həmin tarixdə aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb, habelə görülmüş işlərlə bağlı müraciət etmiş vətəndaş dekabrınn 23-də məktubla məlumatlandırılıb". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər