Dünya
Putin Qrenlandiyanın ABŞ-yə neçəyə başa gələcəyini açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, əgər Qrenlandiya satışa çıxarılsa, onun məbləği 200 milyon dollardan 1 milyard dollara qədər ola bilər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bəyan edib. "Qrenlandiyanın sahəsi Alyaskadan bir qədər böyükdür - mənim bildiyimə görə, təxminən 2,166 milyon kvadratkilometrdir. Yəni fərq haradasa 450-449 min kvadratkilometr təşkil edir. Əgər bunu ABŞ-nin Alyaskanı alarkən ödədiyi məbləğlə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar ola bilər. Əgər bunu o dövrdəki qızıl qiymətləri ilə müqayisə etsək, bu rəqəm yəqin ki, 1 milyard dollara yaxın olardı", - deyə Putin əlavə edib. Onun sözlərinə görə, Qrenlandiya ətrafındakı vəziyyətin Rusiyaya dəxli yoxdur: "Qrenlandiya məsələsinə gəlincə, bu, bizi qətiyyən maraqlandırmır - Qrenlandiya ilə baş verənlər bizə aid deyil". Putin eyni zamanda qeyd edib ki, Danimarka Qrenlandiyaya hər zaman koloniya kimi yanaşıb - sərt, hətta faktiki olaraq qəddar şəkildə.
Mənbə
oxu.az