İdman
"Barselona"nın əfsanəsi Mərakəş millisindən dəvət aldı
"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta Mərakeşdə böyük populyarlıq qazandığı üçün onun yaxınlarda Mərakeş və Seneqal milliləri arasında keçirilmiş (1:0) Afrika Kubokunun final oyununu izləmək üçün Rabata etdiyi səfər ictimaiyyətin diqqətini çəkib. Oxu.Az İspaniyanın "AS" qəzetinə istinadən xəbər verir ki, Mərakeş Krallığı Futbol Federasiyası (FRMF) sabiq İspaniya millisinin üzvü ilə əlaqə saxlayaraq, onu uzunmüddətli milli futbol inkişaf layihəsinə cəlb etməyin mümkünlüyünü araşdırır. İspaniya ilə dünya və Avropa çempionu olan İnyesta indi idman idarəçiliyi sahəsində, xüsusilə məşqçi və ya icraçı kimi çalışmaq üçün təlimlərə fokuslanıb. Məlumata görə, artıq ilkin müzakirələr başlayıb və Mərakeşin "Barselona" əfsanəsinə olan marağı kifayət qədər ciddi səviyyədədir. Bu kontekstdə Mərakeş milli komandasında hazırda daxili müzakirələr gedir və texniki heyətin daha geniş strategiya ilə yenidən qurulması planlaşdırılır. 2030-cu il dünya çempionatı yaxınlaşdıqca İnyestanı bu ambisiyalı layihəni gücləndirmək üçün əsas namizədlər arasında nəzərdən keçirirlər. Qeyd edək ki, Mərakeş 2030-cu il dünya çempionatını İspaniya və Portuqaliya ilə birgə qəbul edəcək ölkələrdən biri olduğu üçün genişmiqyaslı futbol layihəsi üzərində işləyir.
Mənbə
oxu.az