Dünya

ABŞ koalisiyasının İraqdan çıxarılması: Razılaşmanın detalları və nəticələri

30 Sep 2026, 12:56 3 baxış
ABŞ koalisiyasının İraqdan çıxarılması: Razılaşmanın detalları və nəticələri
ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə İraqda on ildən çoxdur davam edən missiyasını yekunlaşdırır. Oxu.Az "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir ki, Vaşinqton və Bağdad 2024-cü ildə hərbi missiyanın 2026-cı il sentyabrın 30-dək tamamilə dayandırılması barədə ortaq məxrəcə gəliblər. Koalisiya qüvvələri İraq ərazisindəki hərbi bazaları mərhələli şəkildə tərk edərək öz iştirakını əsasən İraq Kürdüstanında saxlayırdı. Buna baxmayaraq, Bağdad müttəfiqləri ilə müdafiə sektorunda ikitərəfli əlaqələri qoruyub saxlamaqda maraqlı olduğunu vurğulayıb. Hərbi əməliyyatlara 2014-cü ildə başlanılmışdı. "Əl-Ərəbiyyə"nin xəbərinə əsasən, terrorçu qruplaşmanın qüvvələri 2017-ci ildə İraqda, 2019-cu ildə isə Suriyada darmadağın edilib. Ancaq beynəlxalq qüvvələr terrorçuların sağ qalan üzvlərinə qarşı əməliyyatları dayandırmayıb. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) statistikasına əsasən, bu illər ərzində 123 ABŞ hərbçisi həyatını itirib, 80 mindən çox İŞİD yaraqlısı isə zərərsizləşdirilib. Lakin sonrakı mərhələdə bölgədə yaranan gərginliklərin çoxalması, xüsusilə də 2026-cı ilin fevralından etibarən ABŞ və İran arasındakı münaqişənin alovlanması səbəbindən xarici hərbi qüvvələr İraqdakı iranpərəst silahlı dəstələrin başlıca hədəfi halına gəlib. İraqın yeni hökumət başçısı Əli əz-Zaidi bir müddət öncə hökumətə tabe olmayan silahlı dəstələrin tərksilah edilməsi üçün 30 sentyabr tarixini son müddət kimi müəyyənləşdirmişdi. Lakin sonradan bu tarixi dəyişdirmək məcburiyyəti yaranıb. Digər tərəfdən, bölgədə güclü təsirə malik şiə hərbi qruplaşması olan "Kətaib Hizbullah" xarici qoşunların ölkədən gedişini müsbət qiymətləndirsə də, İraq hökumətinin xalqın mənafelərini qorumayacağı halda ona qarşı lazımi addımlar atacağı ilə bağlı xəbərdarlıq edib. Baş nazir Əli əz-Zaidi eyni zamanda 1 oktyabr tarixini rəsmi olaraq Müstəqillik Günü elan edib və bunu "İraqın tam suverenliyə qovuşması, dövlətçilik ənənələrinin və dövlət institutlarının daha da gücləndirilməsi yolunun uğurla yekunlaşması" kimi xarakterizə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər