Dünya
"SpaceX" yeni "Starlink" peyk qrupunu orbitə buraxdı
"Falcon 9" raket daşıyıcısı "Starlink" sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital qruplaşmasını genişləndirmək üçün 29 mini-peykdən ibarət yeni qrupu uğurla orbitə çıxarıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "SpaceX" şirkətinin "X" hesabında məlumat verilib. Məlumata görə, buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40 nömrəli buraxılış kompleksində baş tutub. Peyklər startdan təxminən bir saat sonra raketin ikinci pilləsindən ayrılıblar və təyin olunmuş orbitə daxil olublar. Qeyd edək ki, 2019-cu ilin may ayından bəri "SpaceX" "Starlink" layihə çərçivəsində 10 500-dən çox peyk buraxıb. Onlardan bəziləri sıradan çıxıb və ya orbitdən ayrılıb, 9 100-dən çox peyk isə orbitdə işlək vəziyyətdədir. Hazırda "SpaceX" 12 000 peyk buraxmaq üçün icazəyə malikdir və bütün dünyanın sürətli internetlə təmin edilməsi üçün 30 000-dən çox peyk yerləşdirməyi planlaşdırır. Bu layihəyə qoyulan ümumi investisiyalar təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər