Siyasət

Müəllimlərin işə qəbulu üzrə müsabiqə ödənişli olacaq - İSTİSNALAR

15 Jan 2026, 15:27 1 baxış
Müəllimlərin işə qəbulu üzrə müsabiqə ödənişli olacaq - İSTİSNALAR
Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, qanunla dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişlidir. Bu müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İlk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər isə ödənişdən azad edilirlər. Həmçinin Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla müəyyən edilir ki: - dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqanın, yəni Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Həmçinin müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqan, yəni Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Fərmanla Nazirlər Kabinetinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmçinin bu qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər