Cəmiyyət
Maştağa sakinlərinin ŞİKAYƏTİNƏ icra hakimiyyətindən CAVAB: "Aidiyyəti üzrə müraciətlər edilib"
Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsinin "Albalılıq" yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi qurulmayıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" tərəfindən həyata keçirilir: "Eyni zamanda rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağa qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Maştağa qəsəbəsi, 49-cu Maştağa küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub. Müraciətdə qeyd olunan küçə işıqlarının quraşdırılması ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə müəssisəsinin Sabunçu Təmir Bərpa Sahəsinə, məişət tullantılarının atılması üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib". Xatırladaq ki, Maştağa qəsəbəsinin sakinləri ötən gün yağan aramsız yağışdan sonra küçəni su basmasından şikayətçi olublar. Onlar avtomobilsiz yolda hərəkətin çətin olduğunu söyləyiblər. Həmçinin qeyd ediblər ki, problem bununla yekunlaşmır, içdikləri suda laborator analiz zamanı bağırsaq çöpü bakteriyası aşkar olunub. Aygün Mirakif
Mənbə
oxu.az