Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: "Ermənilər Məngük kəndini xarabalığa çeviriblər"

22 Dec 2025, 22:24 16 baxış
Qərbi Azərbaycan Xronikası: "Ermənilər Məngük kəndini xarabalığa çeviriblər"
Bu gün "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov olub. O, doğulub boya-başa çatdığı Vedi rayonunun Məngük kəndindən danışıb. Xəqani Səfərov qeyd edib ki, Məngük tarixən Azərbaycan türklərinin yaşadığı qədim kəndlərdən biridir. Bu yaşayış məntəqəsi 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Mənkik, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Mənkük kimi, Qafqazın beşverstlik xəritəsində isə "Mangyuk" formasında qeydə alınıb. Kənd 1905-1907 və 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin hücumlarına məruz qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib. Məngük sakinləri öz həyatlarını xilas etmək üçün məcburən ata-baba yurdlarını tərk ediblər. X.Səfərov vurğulayıb ki, sovet hakimiyyəti qurulduqdan sonra Məngük sakinləri hissə-hissə öz kəndlərinə qayıda biliblər. Lakin SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, Məngükün azərbaycanlı əhalisi yenidən deportasiya olunub. Müsahibin sözlərinə görə, onun valideynləri də həmin deportasiya illərində Məngükü tərk edərək Azərbaycana pənah gətiriblər. O vaxt iki əmisi ermənilər tərəfindən qətlə yetirilib. Ümumiyyətlə, öz evlərindən zorla çıxarılan Qərbi Azərbaycanlılar, o cümlədən məngüklülər Azərbaycanın aran zonasına köçürülüblər. Burada iqlim dəyişməsinə məruz qalan soydaşlarımızın bir çoxu dünyasını dəyişib. Azərbaycanlılar tamamilə çıxarıldıqdan sonra ermənilər Məngük kəndini xarabalığa çeviriblər. Beləliklə də tarixən azərbaycanlıların yaşadığı daha bir kənd yer üzündən silinib. X.Səfərov həmçinin Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin gördüyü işlərdən də danışıb. Bildirib ki, rayon ərazisində silsilə görüşlər keçirilir, Qərbi Azərbaycan və Qayıdış Konsepsiyası mövzusunda geniş maarifləndirmə işləri aparılır. Onun sözlərinə görə, təkcə 1987-1991-ci illərin deportasiyasından sonra Nizami rayonunda 48 minə yaxın Qərbi Azərbaycanlı məskunlaşıb. Bu gün onların mütləq əksəriyyəti ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayır. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər