Digər
Burak Manav: "İnsanları, hətta Türkiyə-Azərbaycanı qardaş edən şey bizim ortaq hekayəmizdir"
"Bir müddət əvvələ qədər həyatımızda süni intellekt və sosial media yox idi". Oxu.Az xəbər verir ki, bu fikirləri "Haber Global"ın rəqəmsal platforması "Gloob"un redaktoru Burak Manav "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Süni intellekt çağında texnologiya, informasiya və oxuyucu dəyər zənciri" adlı TEDTalk çıxışı zamanı səsləndirib. O bildirib ki, sosial mediada daim yeni trendlər yaranır və oxucular həmin trendlərin hansı mesajlar ötürdüyünün fərqində olmalıdırlar: "Trendlərlə qarşılaşdığımız zaman bir addım geri çəkilib vəziyyəti qiymətləndirməliyik. Bu zaman görəcəyik ki, süni intellekt əslində sadəcə vasitədir. Günümüzdə mediada süni intellekti möcüzə kimi təqdim edirik. Biz süni intellektin köləsi deyilik. Bunu başa düşməliyik". B.Manav əlavə edib ki, süni intellekt vasitəsilə gələcək nəsillərə xoş hisslər və dəyər verən kontentlər hazırlanmalıdır: "Süni intellekti ilk dəfə istifadə edən insanların əksəriyyəti bəzən itirdikləri yaxınlarının fotolarını yaratmağı istəyirlər. Çünki biz insanlar duyğuların və düşüncələrin ardınca gedirik. Bir müddət əvvəl musiqiyə qulaq asmaq üçün CD istifadə edirdik, indi isə demək olar ki, heç kimdə CD yoxdur. Amma həmin CD-lərdəki filmlər və musiqilər hələ də bizimlədir. Demək istədiyim odur ki, yaxşı hekayə heç vaxt unudulmaz. Baxın, insanları - hətta Türkiyə və Azərbaycanı - qardaş edən əsas şey ortaq hekayəmizdir. Ona görə də bütün vasitələrdən istifadə etməli və gələcək nəsillərə müsbət hisslər bəxş edəcək kontentlər hazırlamalıyıq". Məlik Məlikov
Mənbə
oxu.az