Siyasət
Azay Quliyev: "Konqresdə 907-ci düzəlişin tam ləğvi üçün əlverişli siyasi mühit yaranıb"
"ABŞ Nümayəndələr Palatasına 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsinin təqdim olunması Cənubi Qafqazda formalaşan yeni geosiyasi mühit və Azərbaycan-ABŞ əməkdaşlığının yüksələn dinamizmi fonunda xüsusi əhəmiyyət daşıyır". Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Azay Quliyev deyib. Millət vəkili vurğulayıb ki, avqustda ABŞ Prezidenti tərəfindən 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması barədə imzalanmış sərəncam Administrasiyanın mövqeyində ciddi dəyişikliklərin baş verdiyini göstərir: "Bu, Konqresdə düzəlişin ləğvi istiqamətində konkret addımlar atmaq üçün əlverişli siyasi mühit yaradıb. Hazırkı reallıq ondan ibarətdir ki, Prezident Donald Tramp ilə Azərbaycan lideri İlham Əliyev arasında qarşılıqlı etimada, hörmətə və dostluğa əsaslanan münasibətlər mövcuddur. Məhz bu siyasi harmoniyanın nəticəsi olaraq 8 avqustda Trampın iştirakı və şahidliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda uzun illər davam edən qarşıdurmanın həlli üçün dönüş nöqtəsi oldu. Bu proses, eyni zamanda ATƏT-in Minsk Qrupunun formal olaraq ləğvinə, Zəngəzur dəhlizinə Trampın adının verilməsinə və Ermənistanın Azərbaycanla münasibətlərdə bütün əsassız iddialardan, destruktiv fəaliyyətlərdən imtina etməsi ilə bağlı öhdəlik götürməsinə gətirib çıxardı. Bundan başqa, ABŞ-nin Azərbaycanla Strateji Tərəfdaş haqqında Xartiyanın hazırlanması üçün müvafiq işçi qrupunu yaratması iki ölkə arasındakı münasibətlərin strateji xarakter alması ilə bağlı ortaq niyyəti rəsmən təsdiqlədi. Ona görə də Vaşinqton Cənubi Qafqazda stabilliyi gücləndirmək, Azərbaycanla enerji və təhlükəsizlik əməkdaşlığını dərinləşdirmək, Rusiyanın təsirini məhdudlaşdırmaq, Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirmək istəyir". Deputat vurğulayıb ki, müəyyən maraqlar fonunda 1992-ci ildə qəbul olunmuş və bu gün öz aktuallığını itirmiş 907-ci düzəliş Vaşinqton üçün köhnəlmiş normativ maneə kimi görünür: "Bütün bunlar isə 907-ci düzəlişin tamamilə ləğvi üçün son dərəcə mühüm, əvvəl görünməmiş dərəcədə əlverişli siyasi baza yaradıb. Prosesin çətin tərəfi budur ki, Konqresdə Ermənistanı dəstəkləyən güclü qruplar var. Xüsusilə, Senatda belə təşəbbüslərin qarşısını almaq imkanları daha çoxdur. Bu reallıqlar fonunda Ermənistanın mövqeyi də diqqət mərkəzindədir. Əgər Ermənistan Azərbaycanla münasibətləri tam normallaşdırmaq, ABŞ ilə razılaşdırılmış regional layihələrin icrasını dəstəkləmək və Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını daha da azaltmaq niyyətindədirsə, o zaman 907-ci düzəlişin ləğvi prosesinə mane olmamalıdır. Ermənistan rəhbərliyinin erməni diasporuna təsirlərinin o qədər güclü olmadığını nəzərə alaraq, Paşinyan hökumətinin ən azından bu düzəlişin ləğvinin əleyhinə olmadığını, əksinə, bu maneənin aradan götürülməsinin regionun strateji maraqlarına xidmət edəcəyi barədə rəsmi açıqlama ilə çıxış etməlidir. Belə bir mövqe ortaya qoymaqla Ermənistan rəhbərliyi həm regional sabitliyə töhfə verə, həm də sülh gündəliyinə sadiqliyini nümayiş etdirə bilər". A.Quliyev əlavə edib ki, 2026-cı ilin noyabrında keçiriləcək Konqres seçkiləri fonunda zaman faktoru ayrıca diqqət tələb edir: "Siyasi proqnozlar Respublikaçıların hazırkı üstünlüyünü növbəti çağırışda saxlamasının real görünmədiyini göstərdiyi üçün bu prosesin məhz indiki siyasi konfiqurasiya çərçivəsində, yəni daha uyğun olan dövrdə sürətlə irəlilədilməsi vacibdir. Bir daha təkrar etmək istərdim ki, ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan strateji yaxınlaşma, iki Prezident arasında səmimi münasibətlər, bölgədə sülh konfiqurasiyasının formalaşması və Ermənistanın yeni öhdəlikləri 907-ci düzəlişin ləğvi üçün indiyədək mövcud olmamış ölçüdə əlverişli şərait yaradıb. Məsələnin uğurlu icrası isə Vaşinqtondakı siyasi dinamikanın ortaya qoyacağı mövqedən birbaşa asılı olacaq". Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər