Siyasət
Bakıda CAMCA Regional Forumu başa çatdı
Bakıda keçirilən və iki gün davam edən Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - Regional Forum başa çatıb. Oxu.Az xəbər verir ki, CAMCA Regional Forumu özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksəksəviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirib. İkigünlük tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün imkanlar müzakirə olunub. Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintex, təhsil, turizm və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara həsr edilmiş panel müzakirələri və sessiyalar keçirilib. Qeyd edək ki, 2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker birgə müzakirələr aparıblar. 2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma olub. Onu da əlavə edək ki, forum çərçivəsində müxtəlif mövzularda panel sessiyalar və dəyirmi masalar baş tutub.
Mənbə
oxu.az