Siyasət
Jurnalistlər süni intellektə dair qəbul olunmuş dövlət standartları barədə məlumatlandırılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Medianın İnkişafı Agentliyi və AZCON Holding-in tabeliyində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Süni intellekt standartlarının media kommunikasiyası" mövzusunda təqdimat tədbiri keçirilib. Oxu.Az xəbər verir ki, tədbirin məqsədi süni intellekt sahəsində qəbul olunmuş dövlət standartları barədə media təmsilçilərini məlumatlandırmaq və bu sahədə dəqiq, məsuliyyətli ictimai kommunikasiya mühitinin formalaşdırılmasına dəstək göstərmək olub. Görüş zamanı jurnalistlərə süni intellekt üzrə mövcud normativ baza, standartlaşdırma prosesinin mahiyyəti, onun dövlət, biznes və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə Azərbaycanda indiyədək qəbul edilmiş 8 süni intellekt dövlət standartına dair geniş informasiya təqdim olunub. Bildirilib ki, bu standartlar süni intellekt sistemlərində terminologiyanın vahidləşdirilməsi, risklərin idarə olunması, idarəetmə və etibarlılıq mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Sənədlər ölkədə süni intellekt ekosisteminin təhlükəsiz, düzgün və beynəlxalq tələblərə uyğun şəkildə formalaşdırılması üçün əsas baza rolunu oynayır. Təqdimat zamanı informasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin fəaliyyəti barədə də ətraflı danışılıb. Qeyd olunub ki, süni intellekt standartlarının hazırlanması və uyğunlaşdırılması bu komitənin koordinatorluğu ilə həyata keçirilir. Komitə beynəlxalq texniki qurumlarla əməkdaşlıq etməklə ölkə üçün zəruri Sİ standartlarının seçilməsi, işlənməsi və təsdiq olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq Azərbaycanı qlobal süni intellekt standartlaşdırma proseslərinə daha sıx inteqrasiya edir. Çıxışlarda vurğulanıb ki, süni intellekt ekosisteminin sağlam və etibarlı inkişafı üçün standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu standartlar informasiya dəqiqliyinin artırılmasına, yanlış məlumatların qarşısının alınmasına, süni intellekt sistemlərində şəffaflığın təmin edilməsinə, risklərin düzgün idarə olunmasına və innovativ texnologiyaların təhlükəsiz istifadəsinə xidmət edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər