Siyasət

Dilçilik İnstitutunun direktorundan ETİRAZ: "Əvvəlki "rusbaşlar"ımız indi "ingilisbaş" olublar"

11 Dec 2025, 14:46 1 baxış
Dilçilik İnstitutunun direktorundan ETİRAZ: "Əvvəlki "rusbaşlar"ımız indi "ingilisbaş" olublar"
"Bizim ən böyük problemimiz üslublarla bağlıdır. Rəsmi üslubumuz bərbad gündədir. Ərizə yazanda qeyd edirik ki, "yazıb sizə bildirirəm ki...". Bu biabırçılıqdır, yaxın günlərdə onlarla məşğul olacağıq. Elmi üslub da həmçinin. Bizim dilimizi korlayan publisistik üslubdur. Bütün bəlalar oradan gəlir. Şifahi nitqdə "ok" sözü istifadə olunur. Televiziya lap bərbad gündədir. Diktorlar, aparıcılar dialektlə orfoepiyanı səhv salır. Biz heç bir halda orfoqrafiyanı şifahi ədəbi dilin normasına birləşdirə bilmərik. Bunlar ayrı-ayrı şeylərdir. Olmaz belə! Danışıq norması var. Hərə bir yerdən köçüb gəlib, onlar da öz nitqlərini bura gətiriblər. Orfoepiya başqadır, bu elmdir". Oxu.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib. O, daha sonra əlavə edib: "Biz uşaqlarımızı göndəririk ki, gedin ingiliscə, rusca oxuyun və qabağa gedin. İstəyirik ki, millətimiz savadlı olsun, amma əksi baş verir. Bu işlər bizim əleyhimizə çevrilir. Sən aparıcı, niyə "ok" deyib bizim dilimizi korlamalısan? "Sən yanmasan, mən yanmasam bizi qaranlıqdan işıqlığa kim çıxaracaq?" Hamımız deyirik, etmirik və bu da bir bəlaya çevrilir. Milli şüur inkişaf etməlidir. Bizim əvvəlki "rusbaşlar"ımız indi "ingilisbaş" olublar, bizə daha böyük ziyan vururlar. İndi də "vau" sözündən istifadə edirlər. Nə deməkdir bu? Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı cənab prezident çıxış etdi. O dedi ki, bu sözlərin dilimizə axın etməsi təxribatdır. Belə olmaz! Bu, bilirsiniz dilə nə qədər ziyan vuracaq? Olmazın ziyanları dəyəcək. Biz hələ susuruq, amma o gənclərin qabağını almalıyıq. Bizim nəzarət mexanizmimiz yoxdur. Milli şüur o qədər inkişaf etməlidir ki, bu sözlərdən əl çəksinlər. Heç bir gürcü yaxud başqa millət bunu etməz".
Mənbə oxu.az

Oxşar Xəbərlər