Siyasət

Kinoteatrlar bağlanacaq, hamı filmə evdə baxacaq

09 Dec 2025, 13:48 1 baxış
Kinoteatrlar bağlanacaq, hamı filmə evdə baxacaq
Qan Turalı yazır... "Netlfix"in "Warner Bros. Discovery" şirkətini 82.7 milyard dollara satın alması kino sənayesinin gələcək on illərini də müəyyən edəcək miqyasda böyük bir hadisədir. "Warner Bros. Discovery" şirkəti nəinki ABŞ-nin, hətta dünyanın ən nəhəng əyləncə şirkətlərindən biridir. CNN kimi media nəhəngi də bu şirkətin balansındadır. Ancaq satış şirkətin film studiyalarını və HBO platformasını əhatə edir. Bu platformaya həm kabel televiziyası, həm də onlayn platforma vasitəsi ilə baxmaq mümkün idi. HBO ABŞ-nin "Netlix"dən sonra ən populyar platformadır. "Game of Thrones", "Sopranos", "Friends" və "Harry Potter" kimi seriallar da məhz HBO kitabxanasına daxildir. HBO-nun 128 milyon abunəçisi var, "Netflix"in də 300 milyonluq abunəsini hesaba qatdıqda "Netflix"in 428 milyon abunəyə nəzarət edəcəyi məlum olur. Bu satışdan çıxan iki vacib məsələ var. Birincisi film sənayesinin gələcəyi, digəri isə ABŞ-nin rəqabət qurumlarının "Netflix"in inhisarına müdaxilə edib-etməyəcəyi... Başqa cür desək, ilk məsələ kinematoqrafiya ilə bağlıdır, digəri isə siyasi-iqtisadi faktorlarla...
Birincidən başlayaq... "Netflix"in CEO-su Ted Sarandos bu ilin əvvəlində kinoteatra getməyin "dəbdən düşmüş əyləncə" olduğunu bildirmişdi. "Warner Bros. Discovery"nin işləri isə ancaq onlaynla məhdudlaşmır. Şirkət kinoteatr bazarında da böyük paya sahibdir. Burada bir məqamı xatırlatmaq əhəmiyyətlidir. Belə ki, dünyanın ən kult seriallarından olan "Friends"in yayım hüquqları "Warner Bros. Discovery" şirkətində idi. "Netflix" bu serialı yayımlamaq üçün hər il "Warner Bros. Discovery"yə 30 milyon dollar ödəyirdi. 2019-cu ildə isə "Netflix" serialın bir ili üçün 100 milyon dollar ödəniş etmişdi. Ancaq daha sonra "Warner Bros. Discovery" serialı öz platforması olan HBO-da saxlamağa qərar verdi və "Netflix"ə satmadı. Ümumilikdə, "Netflix" "Friends" serialını kitabxanasında saxlamaq üçün 2015-2019 illəri ərzində "Warner Bros. Discovery" 220 milyon dollar ödəmişdi. İndi isə təkcə "Friends" yox ümumilikdə 35 min saatlıq məzmun "Netflix"ə keçəcək. HBO-da nə qədər film və serial olduğu dəqiq məlum olmasa da, ən böyük seriallardan biri olan "Game of Thrones"un 73 saat olduğunu hesablasaq 35 min saatın çox böyük bir rəqəm olduğu məlum olacaq. HBO-dan "Netflix"ə keçən məzmunu tamamlamaq üçün hər gün beş saat izləmək şərti ilə bizə 19 il lazımdır. Bu da həcmin nə qədər böyük olduğunu göstərir. "Netflix"in indiki məzmunun isə təxminən 70 min saat olduğu bildirilir. Bu qədər məzmuna sadəcə bir abunəliklə baxmağın mümkün olduğu vəziyyətdə insanlar kinoteatra gedəcəklərmi? Qarşıda duran ən vacib sual da budur. ABŞ-nin ən görkəmli rejissorlarından olan, "Titanik" və "Avatar" filmlərinin müəllifi Ceyms Kameron "Netflix"in HBO-nu satın almasını məhz bu qorxulara görə "fəlakət" hesab edir. Ancaq o tək deyil, ssenaristlərin həmkarlar təşkilatı da əmək şəraitinin pisləşəcəyi ilə bağlı həyəcan təbili çalır. ABŞ Nümayəndələr Palatasının antiinhisar komissiyasının sədri də "Netflix"in satınalma həmləsini "kabus" hesab etdiyini bildirir. ABŞ Prezidenti Donald Tramp isə qərarın qəbulunda iştirak edəcəyini bildirsə də, hələ son sözünü deməyib. "Netflix" isə ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasının satışı təsdiq edəcəyinə inanır. Məhz buna görə də "Warner Bros. Discovery"yə 5.8 milyard dollarlıq məbləğ təklif edib. Belə ki, qeyd edilən qurumlar satınalmaları təsdiq etmədikləri halda "Netflix" bu məbləği "Warner Bros. Discovery"yə ödəmək öhdəliyi götürüb. Bu rəqəmin şirkət satışları üçün son dərəcə böyük bir məbləğ olduğu da qeyd olunur. Ancaq ABŞ-də inhisarlaşma əleyhinə çox sərt qanunlar var. Bundan əlavə "Warner Bros. Discovery"ni satın almaq istəyən şirkətlər arasında Trampa yaxın olan "Paramount" şirkəti də var. Eləcə də NBC Universal şirkətinin sahibi olan "Comcast". Buna görə də məsələni tam şəkildə həll etmək olmaz. Ancaq "Netflix" inamlı görünür. Onlar bir məqama da xüsusi diqqət verirlər. Belə ki, ABŞ-də illik "Netflix" abunəliyi 17.99 dollar olduğu halda HBO abunəliyi 18.49 dollardır. "Netflix" istehlakçılara daha ucuz qiymətə abunəlik vəd edir. Başqa sözlə desək, hər iki platformaya abunə olanlar daha uyğun qiymətə abunə ola biləcəklər. Göründüyü kimi, məsələ son dərəcə mürəkkəbdir. Bəlkə də abunəçilər daha ucuz qiymətə abunəlik əldə edəcəklər. Ancaq kinoteatrların da bu gedişlə çökəcəyi göz qarşısındadır. Əlbəttə ki, bu, təkcə ABŞ-yə yox, bütün dünyaya təsir edən tendensiyadır. Çünki bütün dünya kinoteatrlarına ABŞ kinematoqrafiyası diktə edir. Bir zamanlar hamı teatra gedərdi. Bu kütləvilik artıq yoxdur. Arxasınca isə kinoteatrlar populyarlaşdı. Deyəsən, daha o da olmayacaq... ABŞ-li bir jurnalistin dediyi kimi, bu satınalma ilə ənənəvi media dövrü başa çatır.
123
Mənbə oxu.az

Oxşar Xəbərlər